Ədliyyə işçilərinin peşə bayramı Sumqayıt şəhərində qeyd olundu.

        17.11.2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

        Tədbir iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin Sumqayıtda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Sumqayıt və Xaçmaz regional ədliyyə idarələrinin və onların yurisdiksiyasında olan yerli ədliyyə orqanlarının işçiləri, Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasında olan məhkəmələrin hakimləri və aparat işçiləri, həmçinin veteran ədliyyə işçiləri, Sumqayıt şəhərində fəaliyyət göstərən hüquq mühafizə və yerli icra orqanlarının rəhbərlərinin qatıldığı tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan ədliyyəsinin tarixindən və bu günündən bəhs edən foto və video materiallar nümayiş etdirilib.

         Toplantıda çıxış edən  Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib,  səmərəli fəaliyyətinə görə məhkəmə sədrləri mükafatlanırılıb, bir sıra ədliyyə işçisinə  və veteranlara fəxri fərmanlar təqdim edib.

        Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırdı. Bildirdi ki, hər il noyabr ayının 22-nin milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin ənənələrə və 100 illik tarixi keçmişə malik Azərbaycan ədliyyəsi məhz Ulu Öndərin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb. Hazırda həmin islahatlar uğurla davam etdirilir.

        Tədbirdə Sumqayıt Regional Ədliyyə İdarəsinin əməkdaşı Rufanə Ömərova “Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yollar” mövzusunda çıxış edərək Ədliyyə Nazirliyinin keçdiyi şanlı və şərəfli tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan ədliyyəsinin yaranması 1918-ci ilə təsadüf edir. 1918-ci ilin noyabrın 22-sində Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. İki illik müddətdə Ədliyyə Nazirliyi çiçəklənmə dövrü yaşasa da Xalq Cümhuriyyətinin süqutundan sonra ədliyyə tarixində də durğunluq yaşandı. Belə ki 1920-ci ildən 1970-ci ilə kimi Ədliyyə Nazirliyinin müstəqil bir qurum kimi fəaliyyəti dayandırıldı. Ulu öndər, ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-də hakimiyyətə gəldikdən sonra bu orqanın yenidən fəaliyyət göstərməsinə önəm verərək Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 27 oktyabr 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən müstəqil bir qurum kimi təsis edildi. Beləlikə də Ədliyyə Nazirliyinin tarixində yeni intibah dövrü başlanmışdır.

         Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Əfqan Ələkbərov, Sumqayıt şəhər prokuroru Sərdar İmanov, Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov, ədliyyə veteranları İkram Kərimov, Müzəffər Ağazadə çıxışlarında ədliyyənin tarixindən, ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.

         Sonda tanınmış incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.