20 Yanvar-Qan yaddaşımız!!!

        Sumqayıt regional ədliyyə idarəsinin təşəbbüsü ilə 11.01.2019-cu il tarixdə Xızı rayonunda, 15.01.2019-cu il və 16.01.2019-cu il tarixlərdə Sumqayıt şəhərində və 18.01.2019-cu il tarixdə isə Abşeron rayonunda yerləşən bir sıra ədliyyə qurumlarında 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir. Anım tədbirlərində 20 Yanvar tarixinin xalqımız üçün nə qədər önəmli və şərəfli bir gün olduğu tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılmışdır.

       1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

       20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, hər il bu faciənin qurbanları, bütün dünyada yad edilir. Azərbaycan Respublikasının diasporaları və səfirliklər bu matəm gününə həsr olunmuş tədbir təşkil edirlər. 20 yanvar şəhidlərin əziz xatirəsini yad edib  bu matəmlə bağlı müxtəlif çıxışlar və nitqlər səsləndirirlər. Dünyada yaşayan Azərbaycanlılar, səfirlik nümayəndələri, diasporalar çalışırlar ki, bu Qanlı Hadisəni Dünyaya tanıtsınlar. Və hər il 20 yanvar faciəsinə həsr olunmuş matəm tədbirlərində bir yerdə toplaşıb,aktiv şəkildə iştirak edib öz fikirlərini söyləyirlər. Biz inanırıq ki, heç bir cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab verəcəklər. Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin! Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacaqdır və bu xatirə günü gündən böyüyəcək və heç vaxt unudulmayacaq. Şəhidlər müqəddəsdi, Şəhidlər ölməzdi, Vətən uğrunda savaşanlar və Vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər bir Azərbaycanlının gəlbində yaşayacaq və onların xatirəsi hər zaman Xalq üçün ən uca və unudulmaz olacaq. Onların qanı yerdə qalmayacaq bizim xalqımız mütləq onların qisasını alacaqdır. Allah bütün bizim igid oğul, qızlarımıza, şəhidlərimizə rəhmət eləsin, qalanlara isə səbr versin, şəhidlərimizin qanı yerdə qalmayacaq, nə vaxtsa bizim millət onların qisasını alacaq, gec tez həqiqət üzə çıxacaq və şəhidlərimizin ruhu rahat yatacaq.