31 Mart Azərbaycanlıların soyqırımı günüdür

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnakları azərbaycanlılara qarşı soyqırım törətmişlər. Soyqırım nəticəsində minlərlə dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək yandırılıb viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidləri dağıdılmışdır.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Bununla bağlı Sumqayıt regional ədliyyə idarəsində iclas keçirilmiş, idarə rəisi Bayramov Sahib Nadir oğlunun təşəbbüsü ilə 31 Mart soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək iclas açıq elan edilmişdi.

İdarənin rəisi Sahib Bayramov çıxış edərək bildirdi ki, ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. Xalqımız ötən əsrin ayrı-ayrı dönəmlərində erməni şovinizminin təcavüzünə məruz qalsalar da, dünya ictimaiyyəti həqiqəti, əslində nəyin baş verdiyini etiraf etməkdən uzaq olmuşdur. Erməni daşnakları nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. XIX əsrdən başlayaraq kök atan erməni millətçiliyi və separatizmi Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək, tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq həm hərbi, həm də ideoloji vasitələrdən yararlanıb. "Daşnaksütyun" və "Hnçak" kimi təşkilatları yaradıb mənfur idealarına start verən ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. Təhqiqat komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki,cinayətin izini itirsinlər. Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə etmiş, bir çox ziyarətgahları və tarixi abidələri dağıdaraq yerlə-yeksan etmişdilər. Daşnaklar uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş, Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar. . İllər ötsə də, tarix boyu nahaq qanlar tökən ermənilər öz mənfur xislətlərindən, məkrli niyyətlərindən əl çəkə bilmirlər. 

Ancaq son dövrlər daha artıq hiss edirlər ki, özgə torpaqlarında xam-xəyallara düşməyin, xülyalarla yaşamağın sonu çatmaq üzrədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlərdə və aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin daha çox dəstəklənməsi, dövlətimizin başçısının qətiyyətli sözünün beynəlxalq aləmdə daha çox eşidilməsi iqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistanın çaşqınlığını və inamsızlığını artırmaqdadır. Elə Aprel Hadisələri  buna bariz nümunədir. 2016-cı ilin 2-4 aprel tarixlərində düşmənin təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızda antiterror əməliyyatı aparılaraq düşmənə böyük zərbə vuruldu, düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edilərək minlərlə hektar torpaq sahəsi düşmən tapdağından azad olundu. Bu da onu göstərir ki, Azərbaycan ordusu güclüdür, yenilməzdir və Azərbaycan xalqı öz Prezidentinin ətrafında daim bir yumruq tək sıx birləşmişdir.

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanında onların Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətlərinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i azərbaycanlıların soyqırımı günü elan edildi.